Əsas məzmuna keç
Azərbaycan Deflimpiya Komitəsi

Xəbərlər

Komitənin xəbərləri, elanları və hesabatları.

Komitədən

Azərbaycan Deflimpiya Komitəsi beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunub

Azərbaycan Deflimpiya Komitəsi (bundan sonra – Komitə) eşitmə məhdudiyyətli şəxslərin idman fəaliyyətini tənziməyən Beynəlxalq Karlar İdman Təşkilatının (International Committee of Deaf Sport - ICSD) üzvlüyünə qəbul olunub. Sözügedən üzvlük ölkədə Deflimpiya hərəkatının inkişafına, həmçinin eşitmə məhudiyyətli şəxslərin idmana inteqrasiyası, sosial aktivliyinin təmini istiqamətində böyük töhfə verəcəkdir. Belə ki, 2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan Komitə eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir. Cari ilin aprel ayında Azərbaycana ilk dəfə səfər edən ICSD və Avropa Karlar İdman Təşkilatının (bundan sonra – EDSO) rəhbərliyi səfər müddətində Komitənin fəaliyyəti ilə yaxından tanış olmuş, idmançı və məşqçilərlə yanaşı bir sıra dövlət qurumlarının rəhbərliyi ilə də görüşlər keçirərək Azərbaycanda deflimpiya hərəkatının qanuni və rəsmi təmsilçisi olaraq tanınan Komitənin gələcək planları ilə yaxından maraqlanıb. Komitənin ICSD-ə üzv olması ilə ölkəmizdə Deflimpiya hərəkatının növbəti mərhələyə qədəm qoyaraq, eşitmə məhdudiyyətli idmançıların beynəlxalq yarışlarda iştirakına şərait yaradacaqdır. Eyni zamanda gələcəkdə bu sahədə idmançılar, habelə peşəkar məşqçilərin artmasında, beynəlxalq təcrübə ilə ölkədə eşitmə məhdudiyyətli şəxslər arasında idman fəaliyyətinin genişlənməsinə dəstək olacaqdır. Qeyd etmək lazımdır ki, Beynəlxalq Karlar İdman Komitəsinə üzv olan Azərbaycan Deflimpiya Komitəsi hazırda Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi ilə yanaşı bir çox idman federasiyası, eşitmə və nitq məhdudiyyətli şəxslərlə çalışan qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirir.

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsində idman ictimaiyyəti ilə görüş keçirilib

Azərbaycan Deflimpiya Komitəsində idman ictimaiyyəti ilə görüş keçirilib.   Keçirilən görüşdə Komitənin baş katibi Namiq Novruzov, idman şöbəsinin müdiri Həsənağa Rzayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva, bir sıra federasiyaların nümayəndələri, eşitmə məhdudiyyətli idmançılar və məşqçi heyəti iştirak edib.   Görüş zamanı iştirakçılara Komitə tərəfindən bu günədək görülmüş işlər barədə ətraflı təqdimat nümayiş etdirilmiş, gələcək planlar müzakirə edilmiş və idmançılar üçün hədəflər müəyyən edilib.   Eyni zamanda, iştirakçılara Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa və Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakisin Bakı səfəri zaman keçirdikləri görüşlər barədə ətraflı videoçarx nümayiş etdirilib.

Daha ətraflı
Komitədən

Deflimpiya hərəkatının inkişafı sahəsində görülən işlər, bu sahədə beynəlxalq qurumlarla gələcək əməkdaşlıq müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin prezidenti Adam Kosa və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatının prezidenti İosif Stavrakakis ilə görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, yaradıcı potensialının inklüziv mühitdə inkişaf etdirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib.  Bu kateqoriyadan olan şəxslərin bir qisminin eşitmə məhdudiyyətli şəxslər olduğu, onların da sosial dəstək tədbirləri ilə əhatə edildiyi bildirilib. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayının son illər 4 dəfəyə yaxın artırılaraq 130-a çatdırıldığı qeyd edilib. Həmin növlər sırasında eşitmə məhdudiyyətli şəxslər üçün də bir sıra reabilitasiya vasitələrinin yer aldığı diqqətə çatdırılıb. Habelə işarət dilinin ünsiyyət dili kimi rəsmi olaraq tanınması məqsədilə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanaraq, parlamentdə müzakirə mərhələsində olduğu bildirilib.  Azərbaycanda paralimpiya hərəkatının daim genişlənərək böyük inkişaf yolu keçməsindən,  idmançılarımızın Paralimpiya Oyunlarında böyük qələbələrə imza atmasından bəhs olunub. Qeyd edilib ki, ölkəmizdə eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və idman vasitəsilə də cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün 2023-cü ildə Azərbaycan Deflimpiya Komitəsi yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Deflimpiya Komitəsi arasında sıx əməkdaşlıq qurulub. Komitə yaradıldığı andan Nazirlik tərəfindən onun fəaliyyətinə dəstək göstərilir,  o cümlədən Komitəyə işarət dili kurslarının təşkili üçün məkanlar ayrılıb. Deflimpiya hərəkatının inkişafı üçün bu dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyi vurğulanıb. A.Kosa və İ.Stavrakakis Azərbaycanda əlilliyi olan şəxslərin, habelə eşitmə məhdudiyyətli şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası, onların idmana cəlb edilmələri sahəsində aparılan ardıcıl işləri, paralimpiya hərəkatının uğurlarını yüksək qiymətləndiriblər. Ölkəmizdə deflimpiya hərəkatının inkişafı sahəsində görülən işlər, bu sahədə Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsi və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatı ilə gələcək əməkdaşlıq müzakirə olunub.

Daha ətraflı
Komitədən

ICSD və EDSO nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Ölkəmizdə səfərdə olan Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) prezidenti Adam Kosa və Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidenti İosif Stavrakakis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar.  Mərkəzin direktoru Elnarə Ənsari qonaqlara müəssisənin fəaliyyəti barədə məlumat verib.  Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ildə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qruplardan olan, o cümlədən eşitmə və nitq məhdudiyyətli şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində işlər aparılır.  Mərkəzin benefisiarları burada 14 fəaliyyət istiqaməti üzrə təlimlərə cəlb edilməklə yanaşı, onlara sosial-pedaqoji və psixoloji dəstək xidmətləri də göstərilir.  A.Kosa və İ.Stavrakakis Mərkəzdə yaradıcılıq və təlim-məşq prosesini izləyib, benefisiarların təlimçilərlə birgə hazırladıqları əl işlərinə baxıblar.

Daha ətraflı
Komitədən

İlk dəfə Bakıya səfər edən ICSD və EDSO rəhbərləri Milli Paralimpiya Komitəsi rəhbərliyi ilə görüşüb

Ölkəmizdə səfərdə olan Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) prezidenti Adam Kosa və Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidenti İosif Stavrakakis ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev arasında görüş keçirilib. Görüşdə Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyətini gücləndirmək, karlar idmanını daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək müzakirə olunub.Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcəkdə daha sıx əlaqələrin qurulması ilə bağlı razılıq əldə ediblər. Bu cür görüşlərin ölkəmizin Deflimpiya hərəkatına dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Daha ətraflı
Komitədən

ICSD və EDSO rəhbərləri Gənclər və idman naziri Fərid Qayıbovla görüşüb

Aprelin 8-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) prezidenti Adam Kosa və Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidenti Losif Stavrakakis ilə görüşüb. Görüş zamanı ölkəmizdə deflimpiyanın inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov və digər şəxslər iştirak ediblər.

Daha ətraflı
Komitədən

MOK-da Deflimpiya Hərəkatının inkişafı üçün Beynəlxalq qurumların rəsmiləri ilə görüş keçirilib

Aprelin 8-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında, Beynəlxalq Karlar İdman Komitəsinin (IKF) və Avropa Karlar İdman Təşkilatının (ECIS) nümayəndə heyəti ilə görüş keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, mətbuat katibi Murad Fərzəliyev, Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa, komitənin prezident köməkçisi Kristina Horvat, Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis, təşkilatın idarə heyətinin üzvü Burcu Pişkin, Azərbaycan Deflimpiya Komitəsinin idarə heyətinin prezidenti Anar Bayramov və komitənin baş katibi Namiq Novruzov iştirak ediblər. Görüşün əsas məqsədi Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyətini gücləndirmək, karlar idmanını daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə Beynəlxalq Karlar İdman Komitəsinin və Avropa Karlar İdman Təşkilatının təcrübə və resurslarının Azərbaycanın Deflimpiya Hərəkatına dəstəyi müzakirə edilib. Tədbir iştirakçılarını salamlayan MOK-un baş katibi Azər Əliyev əvvəlcə komitənin fəaliyyəti və Azərbaycan idmanının inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar və Olimpiya Oyunlarında əldə edilən uğurlardan danışıb. Əlillər idmanına xüsusi diqqət yetirildiyini qeyd edərək, Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxış etdiyini vurğulayıb. Baş katib Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın 19 medal qazandığını və bu nəticə ilə 10-cu yeri tutduğunu bildirib. Azər Əliyev Deflimpiya Hərəkatının çətinliklərini vurğulayaraq, burada yalnız fiziki hazırlıq deyil, həm də zehni hazırlığın önəmli olduğunu qeyd edib. Azərbaycanın Deflimpiya Oyunlarında indiyədək iştirak etmədiyini qeyd edən baş katib, bu il Tokioda keçiriləcək Deflimpiya Oyunlarında ölkəmizin uğurla təmsil olunacağına inandığını bildirib. Azər Əliyev 2023-cü ildə yaradılan Azərbaycan Deflimpiya Komitəsinin, yeni təşkilat olmasına baxmayaraq çox fəal fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycanın I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və digər multi-idman yarışlarına ev sahibliyi etdiyini deyib. Azər Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin bu sahəyə dəstək verməyə hazır olduğunu bildirərək, bu işin Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə daha da irəliləyəcəyini qeyd edib. Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa Azərbaycanın karlar idmanına göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirib. O, bu cür əməkdaşlıqla Azərbaycan Deflimpiya idmançılarının beynəlxalq arenada daha çox uğur əldə etməsi üçün mühüm imkanların yaradılacağına əmin olduğunu bildirib. Adam Kosa Azərbaycanın Deflimpiya hərəkatını dəstəkləmək və Avropa çempionatı və regional yarışların Azərbaycanda keçirilməsini təşviq etmək üçün dəstək olacağına ümid etdiyini vurğulayıb.  Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis Azərbaycanla əməkdaşlıq etməyin çox müsbət olduğunu və gələcəkdə daha geniş əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib. O, Azərbaycanın Deflimpiya Oyunlarına qonaq qismində iştirak edəcəyinə ümid etdiyini vurğulayıb. Bu il Tokioda keçiriləcək Deflimpiya Oyunlarında 21 idman növü üzrə 4 minə yaxın idmançının iştirak edəcəyini deyən İosif Stavrakakis həmçinin, 104 ölkənin qeydiyyatdan keçdiyini diqqətə çatdırıb. Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin prezidenti Anar Bayramov görüşdə Azərbaycan Deflimpiya Komitəsinin gələcək planları barədə ətraflı məlumat verib. O, Deflimpiya yarışlarının Azərbaycanda keçirilməsinin vacib bir addım olduğunu qeyd edərək, bu sahənin inkişafı üçün daha geniş imkanların yaradılacağını əminliyini bildirib. Görüşün sonunda, tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcəkdə daha sıx əlaqələrin qurulması ilə bağlı razılaşmalar əldə ediblər. Bu cür görüşlərin Azərbaycanın beynəlxalq idman sahəsində mövqeyini gücləndirməklə ölkəmizin Deflimpiya Hərəkatının dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Sonda MOK-un baş katibi Azər Əliyev Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosaya MOK-un xüsusi hədiyyəsini verib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Daha ətraflı
Komitədən

Beynəlxalq Karlar İdman Komitəsi və Avropa Karlar İdman Təşkilatının prezidentləri ilk dəfə Bakıya səfər edib

Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) və Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidentləri ilk dəfə Bakıda səfərdədirlər.Azərbaycan Deflimpiya Komitəsində Beynəlxalq Karlar İdman Komitəsinin və Avropa Karlar İdman Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.Tədbirdə Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov və Komitənin baş katibi Namiq Novruzov, Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa, Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis, Komitənin prezident köməkçisi Kristina Horvat, Təşkilatın İdarə heyətinin üzvü Burcu Pişkin iştirak ediblər.Görüşdə Azərbaycan Deflimpiya Komitəsi tərəfindən görülmüş işlər, hazırda davam edən layihələr və qarşıda duran hədəflərlə bağlı məlumat verilib. Azərbaycan Deflimpiya Komitəsinin eşitmə və nitq məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, onlar arasında deflimpiya hərəkatının təbliği, eləcə də resursların və infrastrukturun inkişafı sahəsində görülmüş işlər diqqətə çatdırılıb.Görüşdə deflimpiya idman növlərinin inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb. Həmçinin ICSD, #DSO və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Daha ətraflı
Komitədən

Eşitmə məhdudiyyətli şagirdlərlə növbəti görüş keçirilib

  13 fevral 2025-ci il tarixində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli Respublika Xüsusi İnternat Məktəbində Azərbaycan Deflimpiya Komitəsinin nümayəndələri ilə məktəbin direktoru Ümnisə Nəcəfbəyova, müəllim heyəti və şagirdlər arasında görüş keçirilib.     Tədbirdə Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov, İdman şöbəsinin müdiri Həsənağa Rzayev, Komitə əməkdaşları və Olimpiya oyunlarının mükafatçısı, Dünya və Avropa çempionu, Rəsul Çunayev iştirak ediblər.     Görüş zamanı məktəb şagirdləri ilə səmimi və interaktiv ünsiyyət qurulub, onlara Deflimpiya Komitəsinin fəaliyyəti, idmanın həyatdakı rolu və sağlamlığa təsiri haqqında ətraflı məlumat verilib. Şagirdlərlə sual-cavab sessiyası təşkil edilib, onların sualları cavablandırılıb və maraqlandıqları mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin, onların idmana olan marağını artırmaq, gələcəkdə bu sahədə uğur qazanmaları üçün davamlı dəstəyin göstəriləcəyi vurğulanıb.     Tədbir çərçivəsində idmanın motivasiya mənbəyi və sağlam həyat tərzinin ayrılmaz hissəsi olduğu xüsusi qeyd edilib. Sonda şagirdlərə müxtəlif hədiyyələr təqdim olunub və xatirə üçün birgə foto çəkilib.  

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsi və "Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” İB arasında Memorandum imzalanıb

Azərbaycan Respublikası Deflimpiya Komitəsi ilə "Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi ölkədə deflimpiya hərəkatının inkişafına təkan vermək, eşitmə məhdudiyyəti olan şəxslərin idmana cəlbini artırmaq və onların sosial inteqrasiyasını gücləndirməkdir. Əməkdaşlıq çərçivəsində tərəflər birgə təşəbbüslərlə çıxış edəcək, maarifləndirici kampaniyalar, təlim proqramları və genişmiqyaslı idman layihələri həyata keçirəcək. İctimai Birliyin təsisçisi və rəhbəri, paralimpiyaçı Aynur Məmmədova — taekvondo üzrə üçqat dünya və dördqat Avropa çempionu, Əməkdar idman ustası, prezident mükafatçısı və 2-ci dərəcəli əlilliyi olan şəxs olaraq — bu sahədəki bilik və təcrübəsini gənc idmançıların yetişdirilməsinə sərf edəcək. Birgə əməkdaşlıq cəmiyyətin hər təbəqəsinə bərabər imkanlar yaradaraq onların potensialını üzə çıxaracaq. Bununla yanaşı, inklüzivliyin gücləndirilməsi və idman vasitəsilə hər kəsin bərabər imkanlara malik olduğu cəmiyyətin qurulması istiqamətində mühüm addımlar atılacaq.

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsi və "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB arasında Memorandum imzalanıb

21 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Deflimpiya Komitəsi və "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.  Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Daha ətraflı
Komitədən

Beynəlxalq Əlillər Günü münasibətilə ilə şagirdlərlə görüş keçirilib

3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində Azərbaycan Deflimpiya Komitəsinin nümayəndələri ilə şagirdlər arasında görüş keçirilib. Görüş uşaqların cəmiyyətə və idmana inteqrasiyasını təmin etmək, onların sosiallaşmasına dəstək olmaq məqsədilə təşkil edilib. Tədbirdə Komitənin baş katibi Namiq Noruzov və əməkdaşları, Dünya və Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı Rəsul Çunayev iştirak ediblər. Görüş zamanı məktəb şagirdləri ilə səmimi ünsiyyət qurulub, idmanın uşaqların həyatındakı əhəmiyyəti vurğulanıb və onların gələcəkdə idman sahəsində uğurlar qazanması üçün dəstəyin davamlı olacağı bildirilib. Həmçinin tədbirin uşaqların motivasiyasını artırmaq və onları daha aktiv həyata təşviq etmək baxımından xüsusi əhəmiyyət qeyd edilib. Sonda şagirdlərə müxtəlif hədiyyələr təqdim edilib.

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsi və Azərbaycan Şahmat Federasiyası arasında Memorandum imzalanıb

2024-cü il 28 oktyabr tarixində Azərbaycan Respublikası Deflimpiya Komitəsi və Azərbaycan Şahmat Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.  

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında Memorandum imzalanıb

2024-cü il 09 oktyabr tarixində Azərbaycan Respublikası Deflimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Daha ətraflı
Komitədən

Gənclər və idman naziri Fərid Qayıbovun idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşü

Sentyabrın 25-də gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 16-cı görüşünü keçirib. Görüşdə Deflimpiya Komitəsinin Baş katibi Namiq Novruzov və İdman şöbəsinin əməkdaşı Asxab Kalaev iştirak edib. Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib və bir sıra digər məsələlər müzakirə edilib.

Daha ətraflı
Komitədən

Deflimpiya şahmat komandasına cəlb edilən şahmatçılar arasında rapid turnir keçirilib

Deflimpiya Komitəsi və "Məmmədyarovlar" Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə deflimpiya şahmat komandasına cəlb edilən eşitmə məhdudiyyətli şahmatçılar arasında rapid turnir keçirilib.  Tədbir 12-13 sentyabr tarixlərində Sumqayıt Olimpiya və İdman Kompleksində baş tutub. Keçirilən tədbirin əsas məqsədi Komitənin şahmat komandasına cəlb edilən şahmatçıların bacarıqları və potensiallarının müəyyənləşdirilməsi olmuşdur.

Daha ətraflı
Komitədən

Avropa Paralimpiya Komitəsinin prezidenti Raymond Blondel ilə görüş keçirilib

16 sentyabr 2024-cü il tarixində (Bakı, Azərbaycan) Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov, Baş katibi Namiq Novruzov, Paralimpiya Komitəsinin rəsmilərinin iştirakı ilə Avropa Paralimpiya Komitəsinin prezidenti Raymond Blondel arasında görüş baş tutub. Keçirilən görüşdə cənab Blondelə Deflimpiya Komitəsi tərəfindən görülən işlər, hazırda davam edən layihələr və qarşıda duran hədəflərlə bağlı məlumat verilmişdir. Görüşdə həmçinin gələcəkdə həyata keçiriləcək qarşılıqlı fəaliyyətlərlə bağlı da söhbət aparılmışdır.  

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsi və Azərbaycan Taekvondo Federasiyası arasında Memorandum imzalanıb

2024-cü il 09 sentyabr tarixində Azərbaycan Respublikası Deflimpiya Komitəsi və Azərbaycan Taekvondo Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsi və Azərbaycan Karate Federasiyası arasında Memorandum imzalanıb

2024-cü il 28 avqust tarixində Azərbaycan Respublikası Deflimpiya Komitəsi və Azərbaycan Karate Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Daha ətraflı