Əsas məzmuna keç
Azərbaycan Deflimpiya Komitəsi

Xəbərlər

Komitənin xəbərləri, elanları və hesabatları.

Komitədən

ICSD prezidenti Adam Kosa Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin (ICSD) prezidenti Adam Kosa Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "XXV Yay Deflimpiya Oyunları"nda ölkəmizin idman tarixində ilk dəfə olaraq medal qazanması münasibətilə keçirilən görüşdə Anar Bayramov bildirib ki, cüdoçumuz beynəlxalq yarışlarda kifayət qədər təcrübələri olan idmançıları məğlub edərək gümüş medal qazanıb. Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb. "ICSD" prezidenti Adam Kosa isə tarixi hadisə münasibətilə Azərbaycan nümayəndə heyətini təbrik edib və növbəti yarışlarda idmançılarımıza uğurlar arzulayıb. Görüşdə həmçinin ölkəmizdə deflimpiya hərəkatının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi də aparılıb.

Daha ətraflı
Komitədən

Coşqun Əliyevin hava limanında qarşılanma mərasimi keçirilib

Coşqun Əliyevin hava limanında qarşılanma mərasimi keçirilib Yaponiyada keçirilən "XXV Yay Deflimpiya Oyunları"nda Azərbaycan idman tarixində ilk gümüş medalını qazanan Coşqun Əliyev bu gün Vətənə qayıdıb. Cüdo yığmasının dönüşü münasibətilə Heydər Əliyev Beynəlxalq Hava Limanında heyətin qarşılanma mərasimi baş tutub. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, Deflimpiya Komitəsinin əməkdaşları, idmançının valideynləri və media təmsilçiləri iştirak ediblər. İdmançı, onun valideynləri və Komitə rəsmiləri Azərbaycan idman tarixində əldə olunan bu ilk gümüş medal münasibətilə sevinclərini media nümayəndələri ilə bölüşüblər.

Daha ətraflı
Komitədən

"XXV Yay Deflimpiya Oyunları"nın yeganə azərbaycanlı hakimi

"XXV Yay Deflimpiya Oyunları"nın yeganə azərbaycanlı hakimi Yaponiyada keçirilən Deflimpiya Oyunlarında cüdo idman növü üzrə beynəlxalq hakimlər heyəti öz işini bitirib.  Hakimlər heyətinin üzvü olaraq Deflimpiya Oyunları dövründə Azərbaycanı yeganə hakim - beynəlxalq “A” ve Olimpiya dərəcəli Fariz Huseynov təmsil edib.

Daha ətraflı
Komitədən

Azərbaycan 101 illik Deflimpiya Oyunları tarixində ilk medalını qazanıb

    Yaponiyada keçirilən "XXV Yay Deflimpiya Oyunları"nda iştirak edən Azərbaycan idman tarixində ilk dəfə olaraq medal qazanıb.     Ölkəmizə ilk medalı cüdo yarışlarında -60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Coşqun Əliyev qazandırıb. Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan deflimpiyaçımız əvvəlcə 1/8 finalda Cənubi Koreyalı Choı Junho, 1/4 finalda xorvatiyalı Tonzetic Josipi, yarımfinalda isə Niderlandan olan Westerhof Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəlib.     Həlledici mərhələdə cüdoçumuzun rəqibi braziyalı Dantas Pedroya məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb. Mükafatlandırma mərasimində idmançımıza medal Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osugi tərəfindən təqdim edilib.     Bununla da Coşqun Əliyev "Tokio-2025" Yay Deflimpiya Oyunlarında komandamıza ilk medal qazandıran idmançısı olub.    

Daha ətraflı
Komitədən

Tokio şəhərində "XXV Yay Deflimpiya Oyunları"nın açılış mərasimi keçirilib

    Yaponiyanın paytaxtı Tokio şəhərində "XXV Yay Deflimpiya Oyunları"nın açılış mərasimi keçirilib. 3 mindən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan 6 idman növündə ilk dəfə 20 idmançı ilə təmsil olunur.     Ənənəvi yapon “Awa Odori” rəqsini nümayişi ilə başlayan açılış mərasimində Yaponiya vəliəhdi Akishinonun ailəsi, eləcə də Baş nazir Sanae Takaichi və digər hökümət nümayəndələri iştirak ediblər. Yaponiyanın İmperator ailəsinin üzvü, vəliəhd Şahzadə Akishino, Baş nazir Takaichi Sanae və digər rəsmi şəxslər çıxış edərək deflimpiyaçılara uğurlar arzulayıblar.     Daha sonra Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa oyunları açıq elan edib.     Qeyd edək ki, Deflimpiya Oyunları 26 noyabra qədər davam edəcək və Tokio və digər bölgələrdə 21 idman növü üzrə keçiriləcək. Bu, Yaponiyanın Deflimpiya Oyunlarına — həm yay, həm də qış növləri üzrə — tarixdə ilk ev sahibliyidir. İlk dəfə keçirilən oyunlar 1924-cü ildə Fransanın Paris şəhərində təşkil olunub.  

Daha ətraflı
Komitədən

Azərbaycan Deflimpiya Komitəsi tərəfindən mətbuat konfransı təşkil edilib

Azərbaycan Deflimpiya Komitəsi tərəfindən görülən işlər və 15–26 noyabr tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək “XXV Yay Deflimpiya Oyunları”na hazırlıqla bağlı mətbuat konfransı təşkil edilib. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, komitə rəsmiləri, məşqçilər və jurnalistlər iştirak ediblər.   Komitənin baş katibi Namiq Novruzov tədbir iştirakçılarına görülən işlərlə bağlı hesabat xarakterli ətraflı məlumat verib və ölkəmizin ilk dəfə belə nüfuzlu turnirdə mübarizə aparacağını xüsusi qeyd edib. Həmçinin 2026-cı ildə karate üzrə Avropa çempionatının ölkəmizdə keçiriləcəyi diqqətə çatdırılıb, media nümayəndələrinin sualları cavablandırılıb.   Konfransın sonunda Deflimpiya Komitəsinin təsis edildiyi gündən bu günə qədər görülən işlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.   Qeyd edək ki, 15–26 noyabr tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək “XXV Yay Deflimpiya Oyunları”nda ölkəmiz 6 idman növü üzrə 20 idmançı ilə təmsil olunacaq. İlk dəfə olaraq Deflimpiya Oyunlarında 3-ü taekvondo, 1-i karate və 1-i üzgüçülük üzrə olmaqla ümumilikdə 5 qadın idmançı çıxış edəcək.

Daha ətraflı
Komitədən

Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən məşqçi və idmançılar üçün maarifləndirici seminar təşkil edilib

Azərbaycan Milli Antidopinq Agentliyi - AMADA tərəfindən Azərbaycan Deflimpiya Komitəsinin məşqçi və idmançıları üçün maarifləndirici seminar təşkil edilib.  Seminarda iştirak edən eşitmə məhdudiyyətli idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağalar və #ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumat verilib.

Daha ətraflı
Komitədən

Taekvondoçularımız Rəşad Əhmədovla görüşüb

Hərbçilər arasında dünya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı, Olimpiya Oyunlarının iştirakçısı, Deflimpiya Komitəsinin İdarə Heyətinin üzvü Rəşad Əhmədov "XXV Yay Deflimpiya Oyunları"na hazırlıq mərhələsi davam edən eşitmə məhdudiyyətli taekvondoçularla görüşərək onların taktiki və fiziki hazırlıq prosesi ilə tanış olub, cari ilin noyabr ayında Yaponiyanın Tokio şəhərində ölkəmizi təmsil edəcək komandaya öz tövsiyələrini verərək uğurlar arzulayıb. Qeyd edək ki, taekvondo üzrə eşitmə məhdudiyyətli idmançılardan ibarət komandamızın təlim-məşq prosesi Baş məşqçi Elmir Fərəcovun, köməkçi Rauf Rəhimovun rəhbərliyi ilə keçirilir.

Daha ətraflı
Komitədən

Beynəlxalq Karlar Şahmat Komitəsinin Avropa təşkilatı ilə görüş keçirilib

Beynəlxalq Karlar Şahmat Komitəsinin Avropa təşkilatı ilə görüş keçirilib. Deflimpiya Komitəsinin Baş katibi Namiq Novruzov, əməkdaşlar və şahmatçıları ölkəmizə səfərdə olan "ICCD - Europe" təşkilatının Baş katibi, İspaniya Karlar Şahmat Assosasiyasının rəhbəri Alfredo Gomez Fernando və Almeriya Karlar Vilayət Assosasiyasının (ASOAL) Prezidenti Samirə İsrafilova ilə görüş keçirib. Keçirilən görüşdə Deflimpiya Komitəsi tərəfindən görülən işlər, eşitmə məhdudiyyətli şahmatçılar üçün gələcək imkanlar və planlar, həmçinin qarşılıqlı fəaliyyətin təşkili müzakirə edilib.

Daha ətraflı
Komitədən

Milli Olimpiya Komitəsinin Vitse-prezidenti, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov eşitmə məhdudiyyətli güləşçilərlə görüşüb

Milli Olimpiya Komitəsinin Vitse-prezidenti, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov eşitmə məhdudiyyətli güləşçilərlə görüşüb! "XXV Yay Deflimpiya Oyunları"na hazırlıq mərhələsi davam edən eşitmə məhdudiyyətli güləşçilərlə Azərbaycan Respublikasının əməkdar idman ustası və əməkdar məşqçisi, Azərbaycan Güləş Federasiyasının İcra Komitəsinin üzvü, "2004 XXVIII Yay Olimpiya Oyunları"nın yunan-Roma güləşi üzrə qızıl medalçısı Fərid Mansurov ilə görüş keçirib. Keçirilən görüşdən sonra deflimpiyaçıların təlim-məşq prosesində iştirak edən Fərid Mansurov onların taktiki və fiziki hazırlıq prosesi ilə tanış olub, cari ilin noyabr ayında Yaponiyanın Tokio şəhərində ölkəmizi təmsil edəcək komandaya öz tövsiyələrini verərək uğurlar arzulayıb. Qeyd edək ki, yunan-roma güləşi üzrə eşitmə məhdudiyyətli idmançılardan ibarət komandamızın təlim-məşq prosesi Baş məşqçi Nazim Əhmədovun rəhbərliyi ilə keçirilir.  

Daha ətraflı
Komitədən

Azərbaycan Deflimpiya Komitəsi təşəkkürnamə ilə təltif edilib

Azərbaycan Deflimpiya Komitəsi təşəkkürnamə ilə təltif edilib. Beynəlxalq Karlar Şahmat Komitəsi tərəfindən Azərbaycan Deflimpiya Komitəsi eşitmə məhdudiyyətli şəxslərin idmana cəlbi və beynəlxalq yarışlarda iştirakına şəraitin yaradılması istiqamətində görülən işlərlə bağlı xüsusi təşəkkürnamə ilə təltif edilib.

Daha ətraflı
Komitədən

Dünya və Avropa çempionu Elxan Məmmədov deflimpiyaçılarla görüşüb

Dünya və Avropa çempionu Elxan Məmmədov deflimpiyaçılarla görüşüb "XXV Yay Deflimpiya Oyunları"na hazırlıq mərhələsi davam edən eşitmə məhdudiyyətli cüdoçularla Azərbaycan təmsilçisi, cüdoçu və məşqçi Elxan Məmmədov görüş keçirib. Deflimpiyaçıların təlim-məşq toplanışında iştirak edən Elxan Məmmədov onların taktiki və fiziki hazırlıq prosesi ilə tanış olub, cari ilin noyabr ayında Yaponiyanın Tokio şəhərində ölkəmizi təmsil edəcək komandaya öz tövsiyələrini verərək uğurlar arzulayıb. Qeyd edək ki, eşitmə məhdudiyyətli cüdo komandamızın təlim-məşq prosesi Baş məşqçi Mail Hümbətov, köməkçi məşqçi Famil İsmayılovun rəhbərliyi ilə keçirilir.

Daha ətraflı
Komitədən

Şahmatçımız Bişkekdə uğur qazanıb

Şahmat komandamızın uğuru!   "The International Chess Committee of the Deaf " (#ICCD) tərəfindən Özbəkistanın Daşkənd şəhərində təşkil edilən "13th ICCD International Open Individual Deaf Chess Tournament" adlı yarışda eşitmə məhdudiyyətli şahmatçımız Rüfət Nəcəfov klassik şahmat üzrə 7 turdan sonra kişilər arasında 3-cü yeri tutmuşdur. Qeyd edək ki, 20–30 sentyabr 2025-ci il tarixlərində keçirilən turnirdə bir çox ölkədəh olan eşitmə məhdudiyyətli idmançılar iştirak edir. Deflimpiya Komitəsinin heyəti keçirilən turnirdə 2 idmançı ilə qatılıb. Digər idmançımız Əhəd Əfəndiyev keçirilən oyunların nəticəsində 4-cü yerdə qərarlaşıb. Eşitmə məhdudiyyətli idmançılarımızı təbrik edirik!

Daha ətraflı
Komitədən

Beynəlxalq Jest Dilləri Günü münasibəti ilə‪ İdman TV tərəfindən süjet hazırlanıb

Beynəlxalq Jest Dilləri Günü münasibəti ilə‪ "İdman TV" tərəfindən Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyəti ilə bağlı süjet hazırlanıb.   Komitənin Baş katibi Namiq Novruzov və İdman şöbəsinin müdiri Həsənağa Rzayev əldə edilən cari nəticələr və gələcək fəaliyyətlərlə bağlı müsahibə verib.  

Daha ətraflı
Komitədən

EDSO-nun Baş Assambleyası Azərbaycanda keçiriləcək

Ölkəmiz ilk dəfə Avropa Karlar İdman Təşkilatının (European Deaf Sport Organisation - EDSO) "EDSO - General Assembly" tədbirinə ev sahibliyi edəcək. Azərbaycan Deflimpiya Komitəsinin təşəbbüsü ilə EDSO-nun Baş Assembleyası 2027-ci ildə Azərbaycanda keçiriləcək. Komitədən verilən məlumata əsasən ölkəmizdə ilk dəfə keçirilməsi planlaşdırılan tədbir eşitmə məhdudiyyətli idmançılar üçün böyük imkanlar yaratmaqla yanaşı, Azərbaycanın Deflimpiya hərəkatında olan önəmini artıracaqdır. 1983-cü ildə yaradılmış EDSO 40-dan çox ölkədən, 1000-dən çox eşitmə məhdudiyyətli şəxslərin idman klubları və on minlərlə eşitmə məhdudiyyətli idmançını əhatə edir. Sözügedən təşkilat hazırda Avropa regionu üzrə eşitmə məhdudiyyətli idmançıların və şəxslərin birləşdiyi ən mötəbər qurum olaraq fəaliyyət göstərir. Həmçinin, 2025-ci ilin aprel ayında Deflimpiya Komitəsinin təşəbbüsü ilə Beynəlxalq Karlar İdman Komitəsi (ICSD) və EDSO rəhbərliyi ilk dəfə ölkəmizə səfər edərək Komitənin fəaliyyəti və azərbaycanlı idmançılarla tanış olmuşdur. Qeyd edək ki, 2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan Deflimpiya Komitəsi eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir. Komitə 2025-ci ildən etibarən Beynəlxalq Karlar İdman Təşkilatının (International Committee of Deaf Sport - ICSD) üzvlüyünə qəbul olunub.

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsi və Azərbaycan Milli Antidopinq Agentliyi arasında Memorandum imzalanıb

Azərbaycan Deflimpiya Komitəsi və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb.   20 avqust tarixində keçirilən görüşdə Komitənin baş katibi Namiq Novruzov və AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə iştirak edib. Tərəflər arasında eşitmə qabiliyyətli məhdud idmançılar üçün müvafiq sahədə görülən işlər və gələcək üçün birgə planlar müzakirə olunub. Eyni zamanda gələcək fəaliyyətdə xüsusilə təmiz idman mühitinin təşviqi, idmançılar arasında maarifləndirmənin gücləndirilməsi, dopinqə qarşı mübarizədə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.     Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, eyni zamanda sağlam, təhlükəsiz və ədalətli idman mühitinin yaranması istiqamətində görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.  

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyası arasında Memorandum imzalanıb

Azərbaycan Deflimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyası arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb. Görüşdə Komitənin baş katibi Namiq Novruzov, İdman şöbəsinin müdiri Həsənağa Rzayev, Federasiyanın baş katibi Oqtay Atayev, kommunikasiya və beynəlxalq əlaqələr üzrə menecer Tamerlan Hüseynov iştirak ediblər. Tərəflər arasında eşitmə qabiliyyətli məhdud üzgüçülərlə bağlı mövcud vəziyyət və gələcək üçün birgə planlar müzakirə olunub.  Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin üzgüçülük idman növünə cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Daha ətraflı
Komitədən

Deflimpiya Komitənsinin prezidenti Anar Bayramov karate idman növü üzrə uğur qazanmış heyətlə görüşüb

Deflimpiya Komitənsinin prezidenti Anar Bayramov karate idman növü üzrə uğur qazanmış heyətlə görüşüb. 15 iyun tarixində Kişinyovda keçirilən "Chisinau Open Karate Grand Prix" turnirində baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi ilə ümumilikdə 6 idmançımız iştirak edərək, səfərdən 6 medalla geri dönüb. Komitə prezidenti görüşdə iştirak edən baş məşqçi Seymur Xudaverdiyev, eyni zamanda məşqçi-hakim Şahin Xudaverdiyev, Elnur Qasımzadə, Hikmət Ağayev, Əliəkbər Əlizadə, Şaiq Osmanov, Sahib Sahibli və Elmin Hüseynlini əldə edilən uğur münasibəti ilə təbrik edib, gələcək idman fəaliyyəti və yarışlarda müvəffəqiyyətlər arzulayıb. Qeyd edilib ki, əldə edilən bu uğurlu nəticə əmzkarlıqla davam edən təlimlərin və hazırlıqların nəticəsidir. Görüşdə qazanılan nəticənin ardı olaraq karateçilərimiz qarşıda olan yerli və beynəlxalq turnirlərdə iştirakının təmini və yeni uğurların qazanılması üçün Komitə tərəfindən müvafiq dəstəyin davamlı olaraq göstəriləcəyi vurğulanıb. Xatırladaq ki, sözügedən turniri heyətimiz 1 qızıl , 2 gümüş və 3 bürünc medalla başa vurublar.

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsinin karateçiləri 6 medalla turniri yekunlaşdırıb

Azərbaycan Respublikası Deflimpiya Komitəsinin (bundan sonra - Komitə) karateçiləri Moldova Respublikasının Kişinyov şəhərində keçirilən “Chisinau Karate Open Grand Prix” turnirində iştirak edərək uğur qazanıb. 15 iyun tarixində keçirilən turnirdə Komitənin 6 eşitmə məhdudiyyətli karateçi daxil olmaqla ümumilikdə 16 nəfər Azərbaycanlı idmançı iştirak etmişdir. Bir çox ölkədən ümumilikdə 287 idmançının iştirak etdiyi turnirdə “Senior Deaf” kateqoriyası üzrə müxtəlif çəki dərəcələrində döyüş keçirən eşitmə məhdudiyyətli idmançılar 1 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medalla təltif olunub. Belə ki, Elnur Qasımzadə 67 kq çəki dərəcəsində I yer tutaraq qızıl medal, Hikmət Ağayev 60 kq, Əliəkbər Əlizadə isə 75 kq çəki dərəcəsində II yer tutaraq gümüş medal, Şaiq Osmanov 75 kq, Sahib Sahibli və Elmin Hüseynli hər ikisi 84 kq çəki dərəcəsində III yer tutaraq bürünc medal qazanıb. İdmançılar yarışda Baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında çıxış ediblər. Qeyd edək ki, 2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan Deflimpiya Komitəsi eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir. Komitə 2025-ci ildən etibarən Beynəlxalq Karlar İdman Təşkilatının (International Committee of Deaf Sport - ICSD) üzvlüyünə qəbul olunub.

Daha ətraflı
Komitədən

Komitəmizin karate idman növü üzrə idmançıları turnirdə iştirak üçün səfərə hazırlaşır

15 iyun tarixində Moldovada keçiriləcək "Chisinau Karate Open Grand Prix" turnirində Deflimpiya Komitəsinin 6 idmançısı iştirak edəcək. Baş məşqçi Seymur Xudaverdiyev və məşqçi Şahin Xudaverdiyevin rəhbərliyi ilə karateçilərimiz Hikmət Ağayev -60 kq, Elnur Qasımzadə -67 kq, Əliəkbər Əlizadə -70 kq, Sahib Sahibli 75 kq, Şaiq Osmanov -84 kq və Elmin Hüseynli +84 kq çəki dərəcələrində yarışacaq.   Turnidə iştirak edəcək bütün idmançılarımıza uğurlar arzulayırıq

Daha ətraflı