Əsas məzmuna keç
Azərbaycan Deflimpiya Komitəsi

Komitədən

Komitədən

Taekvondoçuların hazırlıq səviyyəsini yoxlamaq məqsədilə dostluq görüşləri təşkil olunub

Azərbaycan Deflimpiya Komitəsinin və Azərbaycan Taekvondo Federasiyasının əməkdaşlığı çərçivəsində iyunun 3-də Abşeron Olimpiya Kompleksində eşitmə məhdudiyyəti olan taekvondoçuların hazırlıq səviyyəsini yoxlamaq məqsədilə dostluq görüşləri təşkil olunub.   Görüşlər taekvondo idman növü üzrə deflimpiya yığmasının baş məşqçisi Elmir Fərəcovun və digər mütəxəssislərin rəhbərliyi ilə baş tutub.   Tədbirdə Deflimpiya Komitəsinin idarə Heyətinin üzvü, tanınmış taekvondoçu Rəşad Əhmədov, Komitənin baş katibi Namiq Novruzov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və digər rəsmi şəxslər iştirak ediblər.

Daha ətraflı
Komitədən

Komitənin heyəti eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün 352 nömrəli körpələr evi–uşaq bağçasına səfər edib

Azərbaycan Deflimpiya Komitəsi ilə MÜTDA (Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi) arasında əməkdaşlıq memorandumu çərçivəsində Komitənin nümayəndə heyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün 352 nömrəli körpələr evi–uşaq bağçasına səfər edib.   Səfər 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Görüş zamanı nümayəndə heyəti eşitmə məhdudiyyətli uşaqlarla bir araya gəlib, onların gündəlik fəaliyyəti ilə tanış olub, hazırladıqları rəqs kompozisiyalarını izləyib.   Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim edilib. Görüş uşaqların bayram sevincinin bölüşülməsi, onlara diqqət və qayğının göstərilməsi, həmçinin inklüziv dəyərlərin təşviqi baxımından əhəmiyyətli olub.

Daha ətraflı
Komitədən

Cüdoçuların növbəti təlim-məşq toplanışı keçirilib

15–24 may tarixlərində Goranboy rayonunda deflimpiyaçı cüdoçuların növbəti təlim-məşq toplanışı keçirilib.   Baş məşqçi Mail Hümbətovun rəhbərliyi altında təşkil olunan toplanışın əsas məqsədi idmançıların qarşıdan gələn yarışlara, eləcə də cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək Avropa çempionatına yüksək səviyyədə hazırlaşmasını təmin etməkdir.   Təlim-məşq toplanışında ölkənin müxtəlif şəhərlərindən ümumilikdə 13 idmançı iştirak edib. 10 gün davam edən hazırlıqlar çərçivəsində cüdoçuların fiziki, texniki və taktiki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə intensiv məşqlər keçirilib. Eyni zamanda, toplanış müddətində idmançıların vitamin təminatı da tam şəkildə qarşılanıb.   Hazırlıq prosesinin tərkib hissəsi olaraq, komanda üçün Olimpiya dərəcəli hakim Fariz Hüseynov tərəfindən seminar təşkil olunub. Seminarda idmançılara yarış zonasına daxilolma qaydaları, hakim jestlərinin mənası görüşlər zamanı ən çox yol verilən səhvlər və cüdo idman növü üzrə qüvvədə olan ən son qaydalar ətraflı şəkildə izah edilib.

Daha ətraflı
Komitədən

3 nömrəli Xüsusi İnternat Məktəbində şagirdlərlə görüş keçirilib

Azərbaycan Respublikası Deflimpiya Komitəsi (ARDK) ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 3 nömrəli Xüsusi İnternat Məktəbində şagirdlərlə görüş keçirilib.   Görüşün əsas məqsədi eşitmə məhdudiyyətli şagirdlərin idmana cəlb olunması və bu kateqoriyadan olan vətəndaşların idmanda kütləviliyinin təmin edilməsi olub.   Məktəbin direktoru Tariyel Əkbərov və ADK-nın şöbə müdiri Asxab Kalayev çıxış edərək iştirakçılara görüşün məqsədi və idmanın hər bir şəxsin həyatında əhəmiyyəti barədə məlumat veriblər.   Daha sonra taekvondo federasiyası nümayəndələrinin iştirakı ilə taekvondo üzrə deflimpiya yığma komandasının baş məşqçisi Elmir Fərəcov, böyük məşqçi Rauf Rəhimov və deflimpiyaçı idmançılar şagirdlərə bu idman növü haqqında ətraflı məlumat verib, taekvondo ilə bağlı çarx nümayiş etdirib və müxtəlif yarışlardan qazandıqları təcrübələri bölüşüblər. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara motivasiyaedici tövsiyələr verilib.   Görüşün yekununda taekvondo ilə məşğul olmaq istəyən şagirdlərin siyahısı tərtib edilib və onların dəstəklənməsi üçün atılacaq növbəti addımlar müəyyənləşdirilib.

Daha ətraflı
Komitədən

Komitə rəhbərliyi Dünya Çempionatında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirib

Azərbaycan Deflimpiya Komitəsinin rəhbərliyi Dünya Çempionatında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirib.   Mayın 21-də Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov Türkiyənin İstanbul şəhərində WSF versiyası üzrə keçirilmiş karate Şotokan Dünya Çempionatında uğur qazanan deflimpiyaçı idmançılarla görüş keçirib.   Görüşdə Dünya Çempionatında qızıl medal qazanan Hikmət Ağayev, Sahib Sahibli, Yusif Əzimzadə, gümüş medal əldə edən Aytən Qədirova və Nizaməddin Əzimzadə, eləcə də bürünc medalçılar Əliəkbər Əlizadə və Elnur Qasımzadə, həmçinin yığma komandanın baş məşqçisi Seymur Xudaverdiyev və köməkçi məşqçisi Şahin Xudaverdiyev iştirak ediblər.   Anar Bayramov əldə olunan nəticələri yüksək qiymətləndirib, qazanılan böyük qələbələr münasibətilə deflimpiyaçıları təbrik edib və onlara gələcək yarışlarda daha böyük uğurlar qazanmaq üçün məşqləri intensiv davam etdirməyi tövsiyə edib.   Öz növbələrində çıxış edən məşqçi və idmançılar Komitə tərəfindən göstərilən diqqətə və qayğıya görə İdarə Heyətinin sədrinə öz təşəkkürlərini bildirib və yarışdan olan təəssuratlarını paylaşıblar.   Görüşün sonunda məşqçi və idmançılara Komitə adından mükafatlar təqdim edilib.

Daha ətraflı
Komitədən

ICCD-nin 38-ci Konqresi keçirilib

14 may 2026-cı il tarixində İspaniyanın Almeriya (Almería) şəhərində ICCD-nin 38-ci Konqresi keçirilib.   Konqres çərçivəsində təşkilatın gələcək fəaliyyət istiqamətləri, strateji planları və qarşıya qoyulan hədəflər müzakirə olunub. Eyni zamanda, ICCD-nin 2026–2030-cu illər üzrə yeni prezident seçkiləri baş tutub.   Səsvermənin nəticələrinə əsasən, Alfredo Fernandez Qomes təşkilatın yeni prezidenti seçilib. Azərbaycan Deflimpiya Komitəsini konqresdə qurumun nümayəndəsi Heydər Rəhimli təmsil edib.   Deflimpiya Komitəsi olaraq cənab Alfredo Fernandezi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Daha ətraflı
Komitədən

Deflimpiyaçılarımız ilk onluqda

Dünyanın 27 ölkəsindən 200-dən çox idmançının qatıldığı 20-ci ICCD Dünya Eşitmə Məhdudiyyətli Şahmat Çempionatı (20th ICCD World Deaf Team Chess Championship) İspaniyanın Roquetas de Mar şəhərində davam edir.   Yarış çərçivəsində təşkil olunan klassik şahmat üzrə “14-cü Açıq Fərdi Turnir”də (14th Open Individual Chess Tournament) ölkəmizi deflimpiyaçı idmançılarımız Əhəd Əfəndiyev və Rüfət Nəcəfov təmsil ediblər. 14 ölkədən 29 idmançının qatıldığı gərgin mübarizədə şahmatçılarımız yüksək əzmkarlıq göstərərək ilk onluqda yer almağı bacarıblar. Yekun nəticələrə əsasən, Rüfət Nəcəfov 9️⃣-cu, Əhəd Əfəndiyev isə 🔟-cu pilləyə sahib çıxıb.

Daha ətraflı
Komitədən

Deflimpiya şahmatçılarımız dünya çempionatında mübarizə aparır

Deflimpiya şahmatçılarımız dünya çempionatında mübarizə aparır.   İspaniyanın Roquetas de Mar şəhərində 20-ci ICCD Eşitmə məhdudiyyətlilər Dünya Şahmat Çempionatı keçirilir.   Dünyanın 27 ölkəsindən 200-dən çox iştirakçının qatıldığı yarışda ölkəmizi deflimpiyaçı şahmatçılarımız Əhəd Əfəndiyev və Rüfət Nəcəfov təmsil edirlər.   Qeyd edək ki, mayın 15-dək davam edəcək bu nüfuzlu turnir beynəlxalq səviyyədə eşitmə məhdudiyyətli idmançıların ən əhəmiyyətli zəka yarışı hesab olunur.

Daha ətraflı
Komitədən

İstanbulda tarixi zəfər qazanan deflimpiyaçı karateçilərimiz Vətənə dönüb

Türkiyənin İstanbul şəhərində Dünya Şotokan Federasiyasının (WSF) versiyasına uyğun keçirilən karate üzrə Dünya çempionatında tarixi nəticə göstərərək ümumilikdə 3 qızıl🥇, 2 gümüş🥈və 2 bürünc🥉medal qazanan deflimpiyaçı idmançılarımız vətənə dönüb.   Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi və nümayəndələrinin müşayiəti, baş məşqçi Seymur Xudaverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyevin rəhbərliyi ilə dünya çempionatında iştirak edən karateçilərimiz ölkəmizi layiqincə təmsil edərək böyük uğura imza atıblar. Dünya çempionatında ölkəmizin bayrağını yüksəklərə qaldıran qaliblər Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşğu ilə qarşılanıblar. İdman ictimaiyyəti, idmançıların ailə üzvləri və azarkeşlər qalibləri gül-çiçək dəstələri, alqışlarla qarşılayaraq bu böyük tarixi sevinci onlarla bölüşüblər.   Qeyd edək ki, İstanbulda təşkil edilən Dünya çempionatında Hikmət Ağayev, Sahib Sahibli, Yusif Əzimzadə inamlı qələbə qazanaraq qızıl medallara yiyələniblər. Aytən Qədirova və Nizaməddin Əzimzadə gümüş medallarla başa vurublar. Komandamızın heyətində Əliəkbər Əlizadə və Elnur Qasımzadə bürünc medal qazanıblar.

Daha ətraflı
Komitədən

Deflimpiyaçılarımız Dünya çempionatında 7 medal qazanıb

Deflimpiyaçılarımız Dünya çempionatında 3 qızıl🥇,2 gümüş🥈,2 bürünc🥉medal qazanıb   Türkiyənin İstanbul şəhərində WSF versiyasında təşkil edilən karate üzrə Şotokan Dünya çempionatına yekun vurulub. 19 ölkədən 1300 idmançının iştirak etdiyi mötəbər yarışda ölkəmiz həm də 🔟 deflimpiyaçı ilə təmsil olunub. Baş məşqci Seymur Xudaverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyevin rəhbərlik etdiyi komandamız Dünya Çempionatında tarixi nəticə əldə edərək ümumilikdə 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.   Karateçilərimiz Hikmət Ağayev (+18 yaş, -75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite) , Yusif Əzimzadə (14–17 yaş, -60 kq, kumite) inamlı qələbə qazanaraq qızıl🥇medallara yiyələniblər.   Aytən Qədirova (kata) və Nizaməddin Əzimzadə (14–17 yaş, -60 kq, kumite) Dünya çempionatını gümüş🥈medallarla başa vurublar. Komandamızın heyətində Əliəkbər Əlizadə (+18 yaş, -75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) bürünc🥉medal qazanıblar.

Daha ətraflı
Komitədən

“Sərhədlərdən kənar: İdmanda inklüzivliyin və bərabər imkanların təşviqi” mövzusunda panel müzakirəsi təşkil edilib

Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində tərəfdaşlarla əməkdaşlıq çərçivəsində “Sərhədlərdən kənar: İdmanda inklüzivliyin və bərabər imkanların təşviqi” mövzusunda panel müzakirəsi təşkil edilib. Tədbir Autizm Maarifləndirmə Ayı və İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü münasibətilə keçirilərək inklüziv imkanların təhsil, idman və cəmiyyətin bütün sahələrində vacibliyini vurğulanıb.   Panel müzakirəsində Autizm Mərkəzinin direktoru Aytən Eynalova, Kompleksinin təhsil üzrə məsləhətçi və əlillik üzrə tədqiqatçı Nigar Əmrullayeva, Deflimpiya Komitəsinin Baş katibi Namiq Novruzov, tanınmış idmançılar Hacı Əliyev və Coşqun Əliyev, eyni zamanda surdotərcuməçi Heydər Rəhimli, digər qonaqlarla yanaşı, Kompleksin şagirdləri iştirak edib. Çıxış edən məktəb direktoru cənab Nelson Urrego və icraçı direktor cənab Tural Abbasov tədbirin əhəmiyyətindən danışıblar.   Panel çərçivəsində inklüzivlik, bərabər imkanlar və əlilliyi olan şəxslərin idmanda iştirakı müzakirə edilib, tədbir inklüziv cəmiyyətin təşviqinə yönəlmiş maarifləndirici platforma kimi çıxış edərək, hər bir fərdin potensialını reallaşdırması üçün bərabər şəraitin yaradılmasının vacibliyini diqqətə çatdırılıb

Daha ətraflı
Komitədən

Bakıda Karate üzrə Beynəlxalq “Grand Prix” turniri keçirilib

Bakıda Karate üzrə Beynəlxalq “Grand Prix” turniri keçirilib.   Sərhədçi İdman Mərkəzində keçirilən mötəbər turnirdə Azərbaycan idmançıları ilə yanaşı, bir sıra xarici ölkələrin karateçiləri də mübarizə aparıb. Yarışda çıxış edən həm qadın, həm də kişi deflimpiyaçılarımız müxtəlif çəki dərəcələrində yarışmaqla yanaşı, kata kateqoriyasında da bacarıqlarını nümayiş etdirib.   Qeyd edək ki, keçirilən turnirdə Aytən Qədirova (kata), Əliəkbər Əlizadə (-75 kq), Elnur Qasımzadə (-67 kq), Emin Hüseynli (+84 kq), Fəqan Yasinov (-68 kq), Hikmət Ağayev (-60 kq), Maral Orucova (+54 kq), Nizaməddin Əzimzadə (-55 kq), Sahib Sahibli (-84 kq), Səma Tağıyeva (-48 kq), Yusif Əzimzadə (-61 kq) olmaqla ümumilikdə 11 karateçimiz iştirak edib.

Daha ətraflı
Komitədən

bp və Azərbaycan Deflimpiya Komitəsi arasında Yerli Tərəfdaşlıq haqqında Saziş imzalanıb

6 mart 2026-cı il tarixində bp və Azərbaycan Deflimpiya Komitəsi arasında Yerli Tərəfdaşlıq haqqında Saziş imzalandı. Bu saziş bp-nin milli idmanın inkişafına dəstək və Azərbaycanda daha inklüziv cəmiyyətin təşviqi öhdəliyində yeni bir səhifə açır. Sazişi Azərbaycan Respublikası Deflimpiya Komitəsinin İdarə heyətinin sədri Anar Bayramov və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzaladılar. Deflimpiya Komitəsinin İdarə heyətinin sədri Anar Bayramov bildirib: “Ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının qorunması və bu kateqoriyaya aid olan şəxslərə çoxşaxəli sosial dəstəyin göstərilməsi aparılan siyasətin prioritet istiqamətlərindəndir. Deflimpiya hərəkatının dəstəyi bu istiqamətdə görülən işlərdəndir. Deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslərin yalnız idmana cəlb edilməsi deyil. Bu, cəmiyyətə inteqrasiyanın, bərabər imkanların və insan ləyaqətinin təşviqidir, eşitmə məhdudiyyətli şəxslərin özünəinamın bərpası və həyat keyfiyyətinin yüksəlməsidir.  Ölkədə inklüziv yanaşmanın gücləndirilməsi məqsədilə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarınında aktivləşməsi mütləq şərtdir. Və bu gün korporativ sosial məsuliyyət sahəsində əməlləri ilə tanınan bp şirkəti ilə təməli qoyulan əməkdaşlıq bir daha göstərir ki, dövlət, vətəndaş cəmiyyəti və özəl sektor birlikdə olduqda, sosial dəyişikliklər real nəticələr verir.” bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “ADK-nın rəsmi tərəfdaşı olmaqdan çox məmnunuq. Bu yeni sazişin əsasında Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə onilliklərdir davam edən tərəfdaşlığımız durur. Bu tərəfdaşlıq sayəsində hər iki təşkilata milli idmanın, komandaların və idmançıların inkişafına dəstək vermişik. “Bu yeni tərəfdaşlıq isə daha da geniş sosial missiya daşıyır, çünki idmanı təbliğ etməklə yanaşı, eşitmə məhdudiyyətli şəxslər üçün idmanı inkişaf etdirmək və eşitmə qüsurlu idmançıları dəstəkləmək imkanları yaratmaqla inklüziv cəmiyyəti təşviq edir. Bu gün bu sazişi imzalamaqla, bütün şəxslər və icmalar üçün bərabər imkanların yaradılmasında ölkəni dəstəkləmək öhdəliyimizi bir daha təsdiqləyirik. ADK ilə rəsmi tərəfdaş kimi sıx əməkdaşlıq edərək qarşıdakı illərdə bu təşkilatın öz vacib missiyasını irəli aparmasına dəstək verəcəyik.”

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsinin 2025-ci ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib

Deflimpiya Komitəsinin 2025-ci ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.   Tədbirdə Komitənin İdarə heyətinin sədri Anar Bayramov, Milli Olimpiya Komitəsinin Vitse-prezidenti Fərid Mansurov, eləcə də Deflimpiya komandasının üzvləri, məşqçilər və əməkdaşlar iştirak ediblər. Əvvəlcə Komitənin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra cari ilin noyabr ayında Tokio şəhərində keçirilmiş "XXV Yay Deflimpiya Oyunları"nda əldə edilən nəaliyyətlər və komandanın il ərzində keçdiyi yol xüsusi vurğulanıb. Tədbirin sonunda iştirakçılara hədiyyə və sertifikatlar təqdim edilib.

Daha ətraflı
Komitədən

Deflimpiyaçımız Coşqun Əliyev "Tərəqqi" medalı ilə təltif olunub

Prezident İlham Əliyevin Sərancamı ilə 101 illik Deflimpiya Oyunları tarixində ölkəmizin ilk medalını qazanan Əliyev Coşqun Ceyhun oğlu Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.   Deflimpiya Komitəsi olaraq ölkə başçısına deflimpiyaçımızın təltif edilməsi və ölkəmizdə Deflimpiya Hərəkatının inkişafına göstərilən dəstəyə görə minnətdarlığımızı bildiririk.   https://president.az/az/articles/view/71037

Daha ətraflı
Komitədən

Coşqun Əliyev Gənclər və İdman Nazirliyinin xüsusi mükafatı ilə təltif olunub

Deflimpiya Komitəsi 2025-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimdə iştirak edib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilin idman yekunlarına həsr olunmuş tədbirində Yaponiyada keçirilmiş "XXV Yay Deflimpiya Oyunları"nın gümüş mükafatçısı, cüdo üzrə 60 kq çəki dərəcəsində çıxış edən Coşqun Əliyev xüsusi mükafatla təltif olunub. Deflimpiya Oyunlarında əldə edilən medal 101 illik Deflimpiya Oyunları tarixində ölkəmizin ilk medalıdır. Bu mükafat Deflimpiya idmanının ölkəmizdə qazandığı dəyərin və idmançımızın əzminin bariz göstəricisidir. Coşqun Əliyevi təbrik edir, yeni uğurlar arzulayırıq!

Daha ətraflı
Komitədən

Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.  Keçirilən görüşdə Azərbaycan idman tarixində Deflimpiya Oyunları zamanı ilk dəfə medal qazanmış cüdoçumuz Coşqun Əliyev də iştirak edərək, çıxış etdikləri yarışlar və nəticələr barədə məlumat veriblər. Daha sonra ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Daha ətraflı
Komitədən

ICSD-nin 52-ci Konqresində İdarə Heyəti və Etika Komissiyasının yeni tərkibdə üzvləri təsdiq edilib

Beynəlxalq Eşitmə Məhdudiyyətlilər İdman Komitəsinin 52-ci Konqresində İdarə Heyətinin və Etika Komissiyasının yeni tərkibdə üzvləri təsdiq edilib. Bu münasibətlə cənab Adam Kosanı ICSD Prezidenti vəzifəsinə yenidən seçilməsi ilə bağlı səmimi-qəlbdən təbrik edir, həmçinin 2025–2029-cu illər üçün səlahiyyət verilmiş bütün üzvlərə fəaliyyətlərində uğurlar arzulayırıq.

Daha ətraflı
Komitədən

Yunanıstan "2029 Yay Deflimpiya Oyunları"na ev sahibliyi edəcək

Yunanıstan "2029 Yay Deflimpiya Oyunları"na ev sahibliyi edəcək. ICSD-nin 52-ci Konqresində keçirilən səsvermə nəticəsində növbəti Yay Deflimpiya Oyunlarının keçiriləcəyi şəhər olaraq Yunanıstanın paytaxtı Afina şəhəri seçilmişdir.  Yunanıstan Karlar İdman Federasiyası təbrik edir və uğurlar arzulayır, Deflimpiya hərəkatının növbəti möhtəşəm tədbirini səbirsizliklə gözləyirik.

Daha ətraflı
Komitədən

"XXV Yay Deflimpiya Oyunları" uğurla yekunlaşıb

"XXV Yay Deflimpiya Oyunları" yekunlaşdı. Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Deflimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. 26 noyabr tarixində keçirilən tədbirdə ölkəmizin bayrağını Deflimpiyaçılarımız Milanə Xəlilova və Sahib Sahibli daşıyıblar. Bağlanış mərasimində çıxış edən Beynəlxalq Karlar İdmanı Komitəsinin Prezidenti Adam Kosa, Yaponiya Karlar Federasiyasının Prezidenti Daigo İşibaşi və Tokionun Qubernatoru Yuriko Koike əzmkar mübarizəyə görə bütün idmançılara təşəkkürlərini bildiriblər və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Daha sonra Deflimpiya bayrağı endirilib və "XXV Yay Deflimpiya Oyunları"nın rəsmi olaraq başa çatdığı elan edilib. Qeyd edək ki, 12 gün davam edən yarışlarda Azərbaycan Deflimpiyaçıları idman tarixində ilk dəfə medal qazanıblar. Ümumilikdə isə 79 ölkə, region və qaçqın qruplarını təmsil edən təxminən 3.000 idmançı mübarizə aparıb.  

Daha ətraflı